
Axırıncı Qarabağ əhvalatı provokatorlara yol açdı. Qarabağda müsəlman-erməni davası təzələndi deyib də insafsız, mürüvvətsiz, dinsiz, imansız provokatorlar köhnə xasiyyətlərindən əl çəkmirlər. Bağda, bazarda, küçədə, meydanda, restoranlarda, klublarda, hər yerdə, hər məqamda, fürsət tapırlar, söyləyirlər: «Qarabağda erməni-müsəlman davası başlandı, yəqin ki, Bakıda da başlanacaqdır…» Bunlar vicdansız bir sinif olub hər tövr cilddə girirlər. Müsəlmanı görəndə deyirlər: Heç xəbərin varmı, ermənilər müsəlmanların başlarına Qarabağda nə oyun gətirdilər? Evlərini yandırıb, arvad-uşaqlarını əsir ediblər, mallarını talan edib özlərini Qarabağdan qovluyurlar…
Bunlar ermənini görəndə deyirlər: vay yazıq erməni! Heç bilirsinizmi neçə yüz erməni tələf olubdur? Kənar erməni kəndləri bilmərrə yanıb qurtarıbdır…
Hər iki tərəfə belə ürək dağlayan sözləri yetirəndən sonra, vicdansız provokatorlar müsəlmanı görəndə «ermənilər böyük tədarükdədirlər» , ermənini görəndə «müsəlmanlar hazırlanırlar» deyib hər iki tərəfi qorxuya salırlar….
Bir azdan sonra bir də gördünüz dedilər:
«Bu gecə iki erməni öldürüblər, yainki xeyr, iki müsəlman yox olubdur…»
«Erməniləri, əlbəttə, müsəlmanlar öldürüblər, müsəlmanları da ermənilər» deyib sonra ikini üç, üçü dörd, dördü səkkiz də edirlər…
Bunlardan xəbər alsanız: «Bu xəbərlər hardandır? Kim sizə söylədi?» — Bunlar hamısı bir qayda ilə cavab verərlər: «Belə söyləyirlər…» — Xəbər alan nadan isə ona cavab verir: «Filan adam görübdür, ya xeyr, mən özüm görmüşəm…»
Bu günlərdə belə bir əsilsiz sözlər bir dərəcədə bir qüvvət tapmışdır ki, cümə axşamı bağda aşkara söyləyirdilər: «Sabah Bakıda dava başlanacaqdır, ona görə bu gün bağda «müzik» çalmır…» . O adamlar ki, müzik barəsində elanı oxumuşdular, onlar, əlbəttə, bu sözlərə inanmayıb bu fikirdə olanlara bəyan edirdilər ki, müzik bundan sonra cümə günləri çalacaqdır. Elanı oxumayanlar, ya elandan xəbəri olmayanlar belə bir cəfəngiyatı eşidib yəqin etmişdilər ki, həqiqət müzikin olmamağına bir səbəb var; özü də, görünür, erməni-müsəlman davası olacaqdır…
Allah eyləməmiş sabahı gün, yəni cümə günü bir erməni ilə bir müsəlman davası düşsə idi, o zaman provokatorların vasitəsi ilə şəhərə səs düşəcək idi: bir erməni müsəlmanı və ya bir müsəlman ermənini öldürdü. Provokatorlar bununla bəs etməyib özləri fürsət axtarıb hər iki tərəfdən öldürməyə çalışarlar. Xülasə bu sinif* adamlar iki milləti bir-biriylə vuruşdurmaq üçün əllərinə gələni edib və edəcəklər.
Hər iki millət gərəkdir düşmənlərini tanısınlar, belə bir vicdansız adamların sözlərinə uyub iki bədbəxt millətin düşdüyü quyunu, cah-fəlakəti** daha ziyadə dərinlətməsinlər… Bəli, dərin quyu, dibsiz uçurumda bulunuruq! Halımıza ürəklər gərəkdir dağlana, gözlər gərəkdir ağlaya! Bu nə həyat, nə dolanacaq: belə bir heyvan yerişi ilə haraya getmək istəyirik? Hansı məqsədə çatmaq olacaqdır?
Hürriyyətpərəstlər bir nöqtə, bir məqsəd tutub haman məqsədin, haman əqidənin yolunda canlarını fəda edirlər. Bunlar deyirlər: hürriyyətin meyvəsini biz görməsək də, bizdən sonra gələnlər görəcəklər, yeyəcəklər, ləzzətini görüb də bizə rəhmət oxuyacaqlar…
Siz iki bədbəxt millət, iki qonşu nə məqsəd ilə meydana çıxırsınız? Bir-birinizin qanını tökmək ilə hankı bir əqidəni yola verib, hankı nöqtəyə çatmaq istəyirsiniz? Kim kimin əlindən torpaq alıb ona sahib olacaqdır? Kim kimə qalib gəlib, məğlubu özünə tabe edəcəkdir? Kim kimə xərc verdirəcəkdir? Bir yaxşı fikir ediniz! Bir-birinizi zəifləşdirib üçüncü bir yırtıcı(ya) yemmi olmaq istəyirsiniz? Bu vaxtadək, bəlkə, haqqınız var idi azadlıq istəməyə. İndi belə bir vəhşi hərəkətlə hürriyyətmi istəyə bilərsiniz? İndi bir zəmanədir ki, hürriyyətə qabil olmağımızı gərəkdir göstərək: gərəkdir dünyaya göstərək ki, biz azadəlik (avtonomiya) nə olmağını anlayırıq, biz öz adətimiz, qanunumuz ilə dolanacaq etmə(yi) bacarırıq…
Əcəba, belə adətə, belə qanuna! Onu hala bilməyirsiniz ki, hürriyyət öz hüququnu anlayana, tərbiyənin gücü ilə öz nəfsinə qalib olana vacib olubdur? Onu hala anlamırsınızmı ki, insan nadan olduqca onun «pərəstarı» çox olacaqdır? Siz kimə öz hüququnuzu bildirmək istəyirsiniz? Ey biçarə, kasıb, fəqirlər! Ey belə əqilsiz, insafsız işlərin əvvəlinci qurbanları! Sizə üzümü tutub deyirəm: eşidiniz, biliniz ki, siz bir-birinizin qanını tökəndə, bir-birinizin uşaqlarını başıaçıq küçələrə buraxanda sizin «dostlarınız» evlərində oturub eyş-işrətə məşğul olurlar. Axırda «vicdanlarını» göstərmək üçün tövrbətövr hərəkətlər göstərirlər, sizin «böyüklərinizi» arayıb deyirlər, hər kəs öz adamlarına nəsihət etsin, bəlkə sakit olalar.
Ah, bədbəxt millətlər! Başlarını itirmiş kasıb fəqirlər! Görün nə günə qalıbsınız ki, sizinlə «pərəstarların» arasında hala bir sinif «böyük» , «mütəşəxxis» adlanan adamlar vardır. Onlar guya sizə desələr «vuruşmayınız», vuruşmayacaqsınız! Görünür «vuruş» desələr, vuruşacaqsınız! Belə isə vay sizin halınıza. Siz əqilsiz bir heyvan olub onların əllərində sərkərdan olduğunuzu anlamırsınızmı? Bu vaxtadək düşünməyibsiniz ki, dövlətli «mütəşəxxis» adamlar siz fəqirlərə, siz kasıblara nə nəzərlə baxırlar? Keçən davalardan sonra yetim qalanların, sahibsiz arvadların hallarına bir diqqət ediniz, onların əhvallarını sorunuz, görünüz erməni-müsəlman davasından sonra necə qara günlər çəkirlər: necə nifrinlər edirlər. Bir ay bundan müqəddəm yetim doyuzduran arvadlar indi öz yetimlərinin əllərindən tutub bilmirlər hankı «mütəşəxxis» in qapısına getsinlər. Bir ay bundan müqəddəm işıqlanan ocağın çırağı sönüb, yurdunda bayquşlar ulayır…
Ey erməni-müsəlman kasıb, fəqirləri! Bunların hallarına baxıb da ibrət ediniz. Sizin də arvadlarınız, uşaqlarınız üçün belə qara günlər olacaqdır. Əqlinizi uduzub bir para «adamların» hiyləsinə aldanmayınız. «Ümid verən çox olar, çörək verən az» sözlərini unutmayınız. Hümmət, həmiyyət, qeyrəti nə yerdə, nə məqamda göstərməyi düşününüz…
Sizin «böyüklər» inizdən sizə əlac yoxdur. Özünüz öz dərdinizə dərman arayınız, qoyun olub ixtiyarınızı qurdlara tapşırmayınız. Onlar pul ilə, siz can ilə meydana gəlirsiniz. Onlar olandan verib genə də dolanacaqlarını eyş-işrətə keçirirlər, siz bədbəxtlər canınızı puç bir əqidənin yolunda qurban edib, millətin aclarını, əlsiz-ayaqsızlarını artırırsınız…
Bəsdir millətin haqqında bu qədər zülm! Tamamdır nahaq yerə tökülən qanlar! Vaxtdır burjuyların torundan xilas olub ittifaq etmək, ümumi düşmənin müqabilinə çıxıb hərə öz hüququnu tələb etmək. Qoyunuz indi döşlərinə vurub millət yolunda minlər verənlər özləri meydana gəlsinlər. Yaxşı iş isə qoy onlar canlarından keçsinlər… Heç olmazsa onlardan sonra qalan yetimlər küçələrə düşməzlər, əllərini hər gedənə açmazlar…
Onda yəqin etdiniz, dava meydanı boş qalacaqdır… Dünən millət-millət deyib minlər xərc edən «məşədi» yaxud «muqdus» kirvələr bu gün dövlətinin hamısını verib dava meydanından qaçacaqdır.
Öz cilovunuzu «düşmənin» yaxud «böyüklərinizin» əllərinə verib, özünüz öz əliniz ilə özünüzə quyu qazırsınız. Sizin böyüyünüz öz aranızdan gərəkdir seçilə, sizin dərdinizi bilən, sizin kimi kasıb, fəqir gərəkdir ola. Bunlar hər iki tərəfdən seçilib, hər iki millətin işlərinə baxsınlar, hər iki millətin dərdi barəsində hökumətdən sorğu-sual etsinlər…
O vaxt yüz illər ilə bir-biriylə mehriban dolanan iki millət öz səhvlərini başa düşüb genə bir yerdə əkib, bir yerdə biçəcəkdir. O vaxt iki millətin ancaq bir ümumi dərdi olmağı anlaşılıb, hər iki tərəf də bu ümumi dərdin dəf və rəf olmasına cəhd və qeyrət edərlər.
(Nər.)
“Həyat” qəzeti, №161.
23 İyul,1906-cı il.
Qəzetin mətnindən çap olunur.
* – Bu cür. Red.
** – Fəlakət quyusunu. Red
Bir cavab yazın